Back to top

Bu sayt Harun Yəhya əsərləri əsasında hazırlanıb


  • Canlılardakı məsumluq

Dünyaya yeni gəlmiş hər bir canlı istər insan olsun, istər heyvan gücsüz və çarəsizdir. Ətrafdakı bütün təhlükələrdən tamamilə xəbərsiz olan bu körpə canlılar qidalanmaq, böyüyüb güclənə bilmək və həyatda qala bilmək üçün onu qoruyacaq birinə ehtiyac duyurlar. Tək başlarına yaşamaq ehtimalı, demək olar ki, mümkün deyil. Ancaq dünyaya gəldiyi andan etibarən yanında hər zaman valideynləri olacaq, onu təhlükələrdən qoruyacaq və qidalandıracaqdır.


Heyvanların zəif və gücsüz balaları, ancaq yetkin və güclü olanlar tərəfindən qorunarlarsa həyatda qala bilərlər. Məsələn, doğulduğu anda tərk edilən bir ceyran balasının və yaxud da hər hansı bir yerə qoyulan quş yumurtalarının öz başlarına həyatda qalmaq ehtimalları çox azdır. Halbuki, heyvanların balaları çox vaxt həyatda qalmağı bacarırlar. Çünki ailələri yorulmadan, laqeydlik göstərmədən bu gücsüz körpələrin bütün məsuliyyətini öz üzərinə götürürlər. Hətta bir çox heyvan öz körpəsini hələ yumurtada olarkən qorumağa başlayır. Yumurtaları qorumaq üçün əksər canlılar böyük əziyyətlə üzləşirlər. Onları gizlədir, qırılmaqdan qoruyur, lazım gəldikdə isidir və həddindən artıq istilərdən mühafizə edirlər. Həftələrlə yumurtalar üçün keşik çəkir, lazım gəldikdə isə incitmədən ağızlarında daşıyırlar.

Bu məsum canlıların balaları üçün bu qədər səy göstərməsinə səbəb nədir? Niyə onları öz başlarına atıb getmək yerinə bütün ehtiyaclarını təmin etmək üçün çalışırlar? Məsələn, bir quşun öz ağlı və iradəsi ilə balasını qorumaq üçün öz həyatını riskə atdığını iddia etmək ağıla və məntiqə uyğundurmu? Əlbəttə yox. Bu heyvanlar şəfqət, mərhəmət kimi hisslərə öz iradələri ilə sahib olmaları mümkün olmayan heyvanlardır. Burada tək bir həqiqət var: Bu canlılara bala sevgisi və ana şəfqəti kimi möcüzəvi duyğuları ilham edən Allah`dır. Yetkin heyvanların öz balaları üçün göstərdikləri fədakarlıqlar yer üzündəki ən böyük yaradılış möcüzələrindən biridir.

Canlılar aləmində gördüyümüz digər bir möcüzəvi xüsusiyyət isə heyvanların balalarının çox sevimli olmalarıdır. Bala heyvanların hamısı çox sevimli görünüşə malikdirlər. Yumru, balaca sifətlərinə nisbətən daha iri olan gözləri, üzlərində hakim olan çaşqınlıq və təslimiyyətlə qarışıq "körpə" ifadəsi bu möhtəşəm canlıların sevilməsini təşviq edən, qoruma instinktini hərəkətə keçirən xüsusiyyətlərdəndir.

Bala heyvanlar bu məsum görünüşləri ilə Rəbbimizin təcəllilərindəndir. Bu canlılar da kainatdakı hər şey kimi Allah`a təslim olmuşlar. Allah ayələrdən birində bu həqiqəti bizə belə bildirir:

...Halbuki, göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar.
(Ali-İmran surəsi, 83)


Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır.
(Zumər surəsi, 62)


Pişik balaları dünyaya gəldiyi zaman kor və olduqca zəif olurlar. Təxminən 100 qram ağırlığında olan bu balaca körpələrə baxa bilmək üçün ana pişik çox az yatır. Balalarını isti saxlamaq və acdıqlarında süd verə bilmək üçün qarnına yaxın tutmağa çalışır. Birinci həftə gözləri görmədiyi halda, süd içəcəkləri yeri tapmaqda çətinlik çəkmirlər. Doqquz gün sonra körpələrin gözləri açılır. Ananın südü  balaların böyüməsi üçün lazım olan tərkibə malikdir. Hər cür qida ilə zəngindir, həmçinin südün tərkibində balaları xəstəliklərdən qoruyan xüsusi bəzi kimyəvi maddələr də var.

Bala pişiklər özlərini idarə edəcək vəziyyətə gələnə qədər anaları onların qeydinə qalır.  Ağlı və şüuru olmayan bu canlıların öz balalarına qarşı bu sevgiləri ağıl və vicdan sahibi olan hər bir insanı düşünməyə vadar edəcəkdir. Bu davranışlar ancaq bütün canlıların hakimi olan Allah`ın ilham etməsi ilə yarana bilər.

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allah’dır…
(Həşr surəsi, 24)


Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).
(Hud surəsi, 6)


De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allah’dır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allah’a, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allah’dır. O Təkdir, (hər şeyə) Qalib gələndir”.
(Rad surəsi, 16)


Maral balaları bir çox canlıların balaları ilə müqayisədə daha gücsüzdürlər. Doğulduqdan sonra dərhal ayağa qalxa bilər, ancaq yeriməyə gec başlayarlar. Bəs bu məsum canlılar düşməndən necə qorunurlar?

Anası kimi sürətli qaçmağı bacarana qədər bala maralların ən yaxşı müdafiə mexanizmi gizlənməkdir. Bədənlərinin rəngi və naxışları hesabına olduqları mühitdə sanki görünməz olurlar. Ana maral meşənin kolluqları arasında xallı balasını gizlədir. Bala maralın qırmızımtıl qəhvəyi rəngli kürkünün üzərindəki ağ xallar günəş işığı ilə qarışır. Eyni zamanda anası uzaqda olan zaman bala maral hərəkətsiz vəziyyətdə uzanaraq gözləyir. Ana maral da, adətən, balasından çox uzaqlaşmır, ancaq diqqəti körpəsinə cəlb etməmək üçün balasına çox yaxınlaşmır. (Russell Freedman, How Animals Defend Their Young, s.47-48)

Bəs bala maral gizlənərək qorunduğunu necə bilir? Dərisinin rənginin ətrafındakı otlarla uyğun olduğunu və hərəkətsiz durduqda düşmənlərin onu görməyəcəyini necə bilir?

Əlbəttə ki, bunları balanın özünün bilməsi mümkün deyil. Bunları ona hər bir canlını qoruyan və ehtiyaclarını bilən uca Allah ilham edir:

Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. O,  Ucadır, Uludur.
(Şura surəsi, 4)


Tailand meşələrində yaşayan bala leyləklər olduqca maraqlı bir üsulla istidən qorunurlar. Ana və ataları dimdiklərində  gətirdikləri suyu hələ tükləri çıxmamış balaların üstünə tökürlər. Bu soyuq duş balaları az da olsa rahatladır. Ancaq bu kifayət deyil. Balaların kölgəyə də ehtiyacları var. Bu ehtiyaclarını yenə ana və ataları qarşılayır. Qanadlarını açaraq qızmar günəşə sipər edərək bu qayğıya möhtac, saf və məsum körpələri istidən qoruyurlar.

Təbiəti tədqiq etdikcə, daima eyni həqiqətlə üzləşirik: Bütün canlıları Allah yaratmışdır və hər bir məsum canlı yaradılışın sübutudur. Bütün bu möhtəşəm yaradılışın sahibi isə göylərin, yerin və bu ikisi arasında olan hər şeyin Rəbbi olan uca Allah’dır. Ağıl sahibi insanlara düşən isə Allah’ın yaratması üzərində düşünmək və Rəbbimizi həmd ilə ucaltmaqdır.

O, Allah’dır. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.
(Qasas surəsi, 70)


Ana pinqvin yumurta qoyduqdan az bir müddət sonra qış öz təsirini göstərir. Belə olduqda ana pinqvinlər yumurtalarını erkək pinqvinlərə verərək qida tapmaq üçün dənizə qayıdırlar. Ata pinqvin yumurtanı donmaqdan qorumaq üçün ayaqlarının üstündə daşıyır. Qalın tükləri yumurtanı soyuqdan qoruyur.

Bu olduqca çətin mərhələdir. Çünki erkək pinqvinlər yerlərindən tərpənə bilmədikləri üçün qidalana bilməzlər. Yaz aylarında balaca pinqvinlər dünyaya göz açırlar. Onları qoruyan piy qatı hələ formalaşmadığı üçün atalarını ayaqlarının üstündə gəzməyə davam edirlər. Balanın ilk qidası atasının onun üçün qursağında saxladığı süddür. Ata pinqvin 4 ay ərzində ac qaldığı halda, fədakarlıq göstərərək bu qidanı yeməmiş, öz körpəsi üçün saxlamışdır. Bu dövrdə ana pinqvinlər açıq dənizdən sahilə qayıdırlar. Onlar bu dörd ayda durmadan ovlanmış, qursaqlarında yumurtadan çıxacaq balaları üçün qida toplamışlar. Ana pinqvinlər gələn kimi ata pinqvinlər ovlanmaq üçün dənizə qayıdırlar.

Pinqvinləri uca Allah bənzərsiz sənəti ilə yaratmışdır. Məsum balaları üçün etdikləri möcüzəvi davranışları pinqvinlərə Allah ilham edir.

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbrli ol! Heç Ona oxşarını tanıyırsanmı?!
(Məryəm surəsi, 65)


Sincablar balalarını sallanan göbəklərindən dişləri ilə qaldırırlar. Ana sincab yuvası dağıldığı zaman balalarını olduqca uzaq bir məsafəyə heç yorulmadan daşıyır. Bütün balalarını tək-tək daşıyır və hamısını təhlükəsiz şəkildə daşıdığına əmin olana qədər köhnə yuvasına geri qayıdıb baxır.

Qəti inananlar üçün yer üzündə dəlillər vardır.
Zəriyət surəsi, 20)



Delfinlərin balalarını qorumaq hissi onlar doğulan andan etibarən başlayır. Doğumdan əvvəl ana delfinin hərəkətləri ağırlaşır. Buna görə də doğum zamanı ona köməyə digər dişi delfinlər gəlirlər. Köməkçi delfinlər doğumdan əvvəl ana delfinin zərər görməməsi üçün hər iki tərəfində üzür, bala dünyaya gələn kimi isə onun suyun üzünə çıxıb nəfəs almasına kömək edirlər.

İlk iki həftə bala delfin anasının yanından ayrılmır. Kiçik delfin dünyaya gəldikdən qısa müddət sonra üzməyi öyrənir və yavaş-yavaş anasından uzaqlaşmağa başlayır. Ancaq yeni doğan ana delfin balanın cəld və iti hərəkətləri ilə uyğunlaşa bilməyəcəyi və onu kifayət qədər qoruya bilməyəcəyi üçün yenə də digər köməkçi delfinlər balaya mükəmməl qoruma təşkil edirlər. (Hayvanlar Ansiklopedisi, (Memeliler), s.29)

...O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur...
(Ənam surəsi, 59)


Ana zebra balasını qorumaq üçün ölümə belə gedir. Hücum zamanı özünü balası ilə düşmən arasında sipər edir. Balasından çox sürətli qaça bildiyi halda, qəsdən balasından arxada qaçır. Bu şəkildə əgər yırtıcı heyvanlar onlara çatsa, özü ölsə belə balası xilas olar. Bu çox təhlükəli hadisənin sonunda bəzən ana zebralar ölürlər.

Göylərin və yerin qeybi Allah’a aiddir. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et.
(Hud surəsi, 123)


Suitilər geniş sürü halında yaşayırlar. Bəs onda ana suiti balasını belə izdihamın içində necə tanıyır? Digər bir çox canlılar kimi ana suiti də doğumdan sonra öz balasını iyləyır, ona toxunur. Bunun sayəsində suitilər balalarını iylərindən tanıyır və onları digər körpələrlə heç vaxt qarışdırmırlar. Balalar uşaq yağı deyilən bir yağla dünyaya gəlirlər. Kiçik bədənləri bu yağın hesabına daim isti qalır. Məməlilərdən çox azının balaları suiti balaları qədər tez böyüyür. Üç həftə ərzində suiti balalarının çəkisi üç, bəzən hətta dörd dəfə artır.

Çox aciz olan və özlərini qorumaqdan məhrum olan bu körpələrin bütün ehtiyacları anaları tərəfindən qarşılanır.

Allah yaratdığı hər bir məsum varlığı ən gözəl şəkildə ruzisini verən, bütün ehtiyaclarını əskiksiz olaraq yaradandır:

Neçə-neçə canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir.
(Ənkəbut surəsi, 60)



Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.
(Nəml surəsi, 8)


Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir.
(Bəqərə surəsi, 163)



Aslanlar təbiətdəki ən güclü heyvanlardan biridir. Düşmənlərinə qarşı yırtıcı olan bu heyvanlar öz balalarına qarşı olduqca həssas davranırlar. Aslan balaları doğulduqları zaman çox balaca olurlar. Üç aylığından etibarən ət yeməyə başlasa da ana və qrupdakı digər aslanlar altı aylıq olana qədər balalarını əmizdirməyə davam edirlər.

Ey insanlar! Allah’ın sizə verdiyi lütfünü bir xatırlayın. Allah’dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də (haqdan) döndərilirsiniz!
(Fatir surəsi, 3)


Aslan və bəbir kimi pişikkimilər öz balalarını boyunlarının arxasından dişləri ilə tutaraq daşıyır və balalar da daşındıqları zaman tamamilə hərəkətsiz qalırlar. Balaların hərəkətsizliyi analarının onları təhlükəsiz şəkildə daşımalarına kömək edir. Aslanların öz balalarına göstərdikləri şəfqət və qayğı təkamülçülərin iddialarını tamamilə uydurma olduğunu sübuta yetirən dəlillərdəndir.

Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və (başqa) faydalar var. Həmçinin onlardan yeyirsiniz.
(Nəhl surəsi, 5)

İnkişafda olan bir cücənin ehtiyac duyduğu qida və su yumurtada mövcuddur. Yumurtanın sarısı zülal, yağ, vitamin və minerallarla zəngin olduğu kimi, ağı da su ehtiyatı funksiyasını yerinə yetirir. Eyni zamanda, cücənin tənəffüs etməyə (oksigeni alaraq karbonu xaric etməyə), istilik qaynağına, sümüklərin inkişafı üçün kalsiuma, suyun qorunmasına, bakteriyalara yoluxmanın qarşısını alan və mexaniki zərbələrə qarşı müdafiəni həyata keçirən bir sistemə ehtiyacı var. Bütün bunları da yumurtanın qabığı həyata keçirir.

Cücə qabıq pərdəsinin daxili hissəsində olan çoxlu damarlarla əhatələnmiş bir lay vasitəsilə oksigeni alır və karbondioksidi xaric edir. Tənəffüs prosesi yetkin heyvanlarda olduğu kimi, ağciyərlərdə deyil, qabıqdakı kiçik məsamələr vasitəsilə baş verir.

Bir yumurtanın tənəffüs, su və istilik əməliyyatını tənzimləməsi qədər sağlam olmağı da vacibdir. Qabıq, inkişafda olan cücəni xarici zərbələrdən qoruyacaq və kürt yatan ananın ağırlığını daşıyacaq qədər möhkəm olmalıdır.

Bütün bu xüsusiyyətlər yumurtada əskiksiz olaraq mövcuddur. Göydən yerə hər işi nəzarəti altında saxlayan Allah qüsursuz yaratmasını nümunələrlə bizə tanıdır.

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur...
(Bəqərə surəsi, 255)



Allah sizi analarınızın bət­­nindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz.
(Nəhl surəsi, 78)



Məgər onlar (Allah’a) tabe olub havada uçan quşları görmürlərmi? Onları (havada) saxlayan ancaq Allah’dır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır.
(Nəhl surəsi, 79)



Albatroslar xüsusi hazırlanmış yuvanın içindəki yumurtaların üstündə təqribən 50 gün heç hərəkət etmədən otururlar. Bir çox canlı növü kimi albatroslara da məsum balalarının rahatlığını düşünməyi, onları qidalandırmağı, qorumağı öyrədən uca Allah`dır. Allah yaratdığı hər bir canlını qoruyandır.

Göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allah’a həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, Müdrikdir, Xəbərdardır.
(Səba surəsi, 1)


Fillərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də bir-birlərinə olan bağlılıqlarıdır. Köməkləşmə yalnız ailə fərdləri arasında deyil, bütün sürü daxilində olur. Sürüdə yenicə dünyaya gəlmiş bir fil bütün sürü üzvləri tərəfindən böyük sevgi və şəfqətlə qarşılanır. Əgər körpənin anası ölsə, südü olan digər fillər onu əmizdirməyə başlayacaqdır. (David Attenborought, Trials of Life, s.50)

Ana fil ilk 6 ay boyunca balasını hər yerdə təqib edir. Hər ikisi tez-tez bir-birləri ilə əlaqəli olduqlarını ifadə edən səslər çıxarırlar. Bala fillərdən biri az da olsa çətinlikdə və ya təhlükədə olduğunu ifadə edən bir səs çıxararsa, sürünün bütün üzvləri vəziyyəti araşdırmaq üçün bir yerə gəlirlər. Bu düşməni qovmaq üçün olduqca təsirli bir üsuldur. (Janine M. Benyus, The Secret Language and Remarkable Behaviour Animals, s.155)

Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün (elə) bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər.
(İsra surəsi, 99)


Doğuşdan sonrakı bir neçə gün ərzində ana zürafə vaxtını balasını yalayaraq və iyləyərək keçirir, bununla, həm bala təmizlənir, həm də anasının qoxusunu öyrənir. Bu qoxu ana və bala zürafənin bir-birlərini sürü içində tanımaqlarına kömək edir. Hər hansı bir təhlükə anında bala zürafə anasının diqqətini çəkmək üçün müxtəlif səslər çıxarır. Anası da balasının səsini dərhal tanıyır və köməyinə qaçır.

Kiçik qruplar halında yaşayan zürafələr bütün balaların qayğısına birlikdə qalırlar. Yetkin zürafələr növbə ilə balaların başında keşik çəkirlər. Bu sistem sayəsində ana zürafələr balalarını qoyub kilometrlərlə uzağa, yem axtarmağa gedə bilirlər.

Məgər onlar görmürlər ki, (Biz) onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq?
(Yasin surəsi, 71)


Qütb ayıları körpələrini adətən qışın ortasında dünyaya gətirirlər. Tüksüz doğulan bu kor balalar olduqca kiçik olurlar. Qışın soyuğunda yaşaya bilmək üçün yuvaya ehtiyac duyurlar. Dişi qütb ayıları təkcə hamilə olduqda və ya balaları olan zaman yuva qururlar.

Bu yuvaların adətən birdən artıq otağı olur və dişi qütb ayıları bu otaqları hər zaman yuvanın girişindən daha yüksəkdə qururlar. Beləcə otaqlardakı isti havanın girişdən çölə çıxmasının qarşısı alınmış olur. Eyni zamanda qütb ayısı yuvanın girişində havanın daxil ola biləcəyi qədər dar kanal açıq qoyur. (Thor Larsen, Polar Bear:Lonely Nomad of the North, National Geographic, Nisan 1971, s.574)

Ana ayı yuvasının tavanını bəzən 75 sm-dən başlayaraq 2 m hündürlüyə qədər inşa edir. Bu xüsusi dizayn hesabına yuvadakı istilik qorunub saxlanır. (International Wildlife, November- December 94, s.15)

Qütb ayısı belə bir yuva qurmağı və yuvadakı istiliyi qorumaq üçün müxtəlif üsullardan istifadə etməyi əlbəttə öz-özünə düşünüb həyata keçirməyə qadir deyil. Bütün bunları məsum canlılara öyrədən və hər şeyi bilən üstün güc sahibi Allah`dır. Quranda Allah`ın canlılar üzərindəki hakimiyyəti belə bildirilir:

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir.
(Rum surəsi, 26)


Ayı balaları qışın ortasında anaları qış yuxusunda olarkən kor və tüksüz dünyaya gəlirlər. Sincab böyüklüyündə olan bala ayı ancaq süd əməcəyi yerə dırmaşacaq qədər güclü olur. Dişi qəhvəyi rəngli ayının südü yağ və kaloriya baxımından olduqca zəngindir, bu səbəbdən də bala qışda sürətlə böyüyür. Ana ayı yazda oyandığı zaman bala ayı yuvadan çıxacaq qədər güclənir.

Çox hərəkətli olan ayı balaları yuvanın xaricində hələ də təhlükədə olurlar. Bir il müddətində analarının yanında qalaraq özlərinə baxmağı öyrənirlər. Bu müddət ərzində tez-tez qidalandıqları üçün sürətlə böyüyür və çoxlu oyunlar oynayırlar.

Analarının üstünə dırmaşmağa çalışır və davamlı olaraq digər qardaşları ilə boğuşurlar. Ayı da digər ana heyvanlar kimi balalarının təhlükədə olduğunu hiss edərsə, düşmənlərinə qarşı olduqca yırtıcı ola bilər. Ana ayı 3 il müddətində balalarına heç yorulmadan baxır, onları təhlükələrdən qoruyur. (https://nationalgeographic.com/kids/creature_feature/0010/brownbears2.html)

Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə (Allah’dan) qorxasınız.
(Bəqərə surəsi, 21)



Bütün bu canlılara saflığı, məsumluğu verən, balalarına qarşı şəfqətli, mərhəmətli olmağı, sürülərindəki digər canlıları da qorumağı, hamısına qayğı göstərməyi öyrədən hər şeyin yaradıcısı uca Allah`dır.

Allah canlılarda yaratdığı bu kimi dəlillərlə bizə sonsuz gücünü və bütün varlıqlar üzərindəki hakimiyyətini göstərir.  Bütün canlıları bu təmiz və məsum halları ilə yaradan, üstün güc sahibi olan Allah`dır. Allah göydəki və yerdəki hər şeyin sahibidir.

İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allah’dan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır.
(Fatir surəsi, 28)